BAKI, 22 fevral. TELEQRAF

2024-cü il ərzində ölkədə 91,7 min yeni iş yeri yaradılıb. Bu 2023-cü illə müqayisədə 11,42 faiz çox olub. Açılmış iş yerlərinin 91,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox yeni yeri 75,2 faizlə Bakı şəhərində açılıb. Naxçıvanda isə bu göstərici 2,4 faiz olub. Digər bölgələrin payı ümumilikdə 22,4 faiz təşkil edib. Açılan iş yerlərinin 4,7 faizi Abşeron-Xızı, 2,7 faizi Gəncə-Daşkəsən, 2,5 faizi Qarabağ və Quba-Xaçmaz, 2,2 faizi Şirvan-Salyan, 2,0 faizi Lənkəran-Astara, 1,3 faizi Qazax-Tovuz və Şəki-Zaqatala, 1,2 faizi Mərkəzi Aran, 1 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni yaradılmış iş yerlərinin 13 faizi yeni müəssisə və təşkilatlarda, 85,9 faizi mövcud müəssisələrdə, 0,4 faizi fəaliyyətini bərpa edən təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər çərçivəsində açılıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 82,3 min iş yeri açılmışdı.