
BAKI, 22 fevral. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qənaət tədbirləri çərçivəsində minlərlə mülki işçisini ixtisar etməyi planlaşdırır.
Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, Pentaqonun müşaviri Darin Selnik qurumda təxminən 950 min mülki işçi çalışdığını və onların 5-8 faizinin işdən çıxarılacağını bildirib. Həmçinin o, ilkin mərhələdə 5,400 nəfərin ixtisarının nəzərdə tutulduğunu da qeyd edib.
Müdafiə naziri Pete Hegset vergi ödəyicilərinin vəsaitlərinin səmərəli istifadəsinin vacibliyini vurğulayıb. Pentaqon rəsmiləri kibertəhlükəsizlik və kəşfiyyat sahələrində çalışan işçilərin də ixtisarını nəzərdən keçirdiklərini bildiriblər.
Bununla belə, Pentaqon ixtisarların ABŞ ordusuna təsirini daha dərindən araşdırmaq üçün planın icrasını müvəqqəti dayandırıb.