
BAKI, 21 fevral. TELEQRAF
2025-ci il qlobal avtomobil bazarı üçün elə də yaxşı keçməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Allianz Trade”in avtomobil sektoru hesabatında qeyd edilib.
Hesabatda Avropalı avtomobil istehsalçılarının elektrik texnologiyalarına keçid məsələsində gecikdiyi, qiymətlərin baha olması və innovasiya baxımından rəqabətdən geri qaldığı vurğulanıb.
Avtomobil sektorunun qiymətləndirilməsi nəticəsində bəlli olub ki, 2023-cü ildə təxminən 10 faiz böyüyən avtomobil sektorunda 2024-cü ildə tələb azalıb.
Hesabatda aşağı tələbə səbəb kimi daha sərt kredit şərtləri və daha yüksək kredit xərcləri göstərilib.
Digər səbəb kimi bəzi avtomobil istehsalçılarının istehlakçıların gözləntilərini qarşılamayan modelləri təqdim etməsi irəli sürülüb.
Hesabata görə, qlobal avtomobil sektorunun 2025-ci ildə 2 faiz böyüməsi gözlənilir. Bu artıma 4 faizlə Çin və 2,5 faizlə ABŞ rəhbərlik edəcək. Avropa isə gömrük rüsumları ilə bağlı gərginlik səbəbindən 1,5 faizlik artımla bu ölkələri izləyəcək.
Hesabatda elektrikli nəqliyyat vasitələrinə keçid mövzusuna da toxunulub. Bildirilib ki, Çin elektrikli avtomobil (EV) satışında 40 faiz artım, daxili yanma mühərrikli (ICE) avtomobillərin satışında isə 17 faiz azalma ilə bu sahədə liderlik edir.
Avropanın 2024-cü ildə elektrikli avtomobil satışında azalma yaşayan yeganə böyük bazar olması da hesabatda önə çıxan vacib məqamdır.
Avropada elektrikli avtomobil bazarının yavaşladığı bir dövrdə Aİ-nin CO₂ hədəfləri tətbiq etməyə hazırlaşdığı və bunun nəticəsində sektora 10 milyard avrodan çox cərimənin tətbiq olunacağı vurğulanıb.
Bundan əlavə, blokun enerji böhranını da həll etməli olduğu bildirilib. Qeyd edilib ki, benzinin litri 1,5 avro olduğu halda, elektrik qiymətləri kilovat saata görə 37 sentdən yuxarıdır. Bu da elektrikli avtomobillərin istifadəsini iqtisadi baxımdan sərfəli etmir.