BAKI, 22 fevral. TELEQRAF

2024-cü ildə Azərbaycanda hər bir ölkə sakini orta hesabla 108,8 manatlıq ödənişli xidmətdən istifadə edib. Bu ötən ilin əvvəli ilə müqayisədə nominal ifadədə 15,9 manat çoxdur.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonu üzrə bu göstərici 14,4 faiz yüksəlib. Quba-Xaçmaz iqtisadi rayonunda artım 10,1 faiz, Bakı şəhərində isə 9,1 faiz təşkil edib.

Digər iqtisadi rayonlarda da müsbət dinamika müşahidə olunub. Belə ki, Abşeron-Xızı iqtisadi rayonu üzrə 8,9 faiz, Dağlıq Şirvan üzrə 8,5 faiz, Gəncə-Daşkəsən üzrə 7,8 faiz, Şəki-Zaqatala üzrə 7,7 faiz və Lənkəran-Astara iqtisadi rayonu üzrə 7,4 faiz artım qeydə alınıb.

Mərkəzi Aran və Qazax-Tovuz iqtisadi rayonlarında müvafiq olaraq 6,4 faiz və 6,3 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 5,4 faiz, Mil-Muğan iqtisadi rayonu üzrə isə 3,3 faiz artım baş verib. Naxçıvan Muxtar Respublikasında isə ödənişli xidmətlərdə cüzi – 0,3 faiz artım müşahidə edilib.