
BAKI, 22 fevral. TELEQRAF
Ukrayna Çini Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulur.
Teleqraf xəbər verir ki, bu barədə "Ukrayna Dəmir Yolları" ASC-nin direktoru Timofey Muraxovski bildirib.
Onun sözlərinə görə, altı aydır layihə üzərində iş aparılır. Növbəti mərhələlə Qazaxıstanda "UZ Cargo East" şirkətinin qeydiyyatı olacaq.
"Daşımalarda “Şipki Qəhrəmanları” bərələrindən istifadə planlaşdırılır. Bu yöndə müvafiq qurumlarla danışıqlar aparılıb", - deyə, Timofey Muraxovski bildirib.
Muraxovskinin sözlərinə görə, konteyner qatarlarının Xəzər limanlarından Bakıya, daha sonra isə Gürcüstanın Poti limanından Odessaya daşınması planlaşdırılır. Daha sonra mallar Avropaya çatdırılacaq.
"Biz təkcə dəmir yolu daşıyıcısı deyil, həm də dəniz daşıyıcısı olacağıq. Əsas məqsəd Çindən Avropaya qədər müştərilərimizə xidmət göstərəcək dəhliz yaratmaqdır”, - Muraxovski qeyd edib.
O həmçinin layihə ilə bağlı növbəti görüşün iki həftədən sonra Bakıda keçiriləcəyini vurğulayıb.
Timofey Muraxovski onu da qeyd edib ki, layihə Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəstəyinə malikdir. Bərələr gündə ən azı iki konteyner qatarı daşıya biləcək ki, bu da Çin və Avropa arasında daşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək.
Qeyd edək ki, “Orta dəhliz” kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir. Layihə Rusiyadan keçən şimal marşrutuna alternativdir.