
TBİLİSİ, 22 fevral. TELEQRAF
“Azərbaycanlı dostlarım çoxdur. Amma general Kamil Məmmədov (mərhum-red.) və dəyərli rəssam Fərhad Xəlilovu xatırlamaq istəyirəm. Çox şadam ki, onlar mənim həyatımda olublar”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti, məşhur gürcü rejissoru Robert Sturua deyib.
Gürcüstan teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq sənədinin imzalanması mərasimində çıxış edən rejissor mədəniyyət ocaqlarının dostlaşmasının hər iki tərəf üçün vacib olduğunu vurğulayıb.
“Bizim münasibətlərdə heç zaman problem olmayıb. Dinlərimiz fərqli olsa da, millətlərimiz arasında gözəl dostluq və qarşılıqlı rəğbət var. Ümid edirəm ki, sıx əlaqələrimiz bundan sonra da davam edəcək. Biz dinc Qafqaz naminə əlaqələrimizi bu formada davam etdirməliyik. Bir çox yerlərdən hədələr olsa da, biz onların öhdəsindən gəlməliyik”, - R.Sturua deyib.
Qeyd edək ki, sənədin imzalanma mərasimində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov teatrın adından R.Sturuaya onun portretini, Şota Rustaveli adına Milli Teatrın icraçı direktoru Giorgi Tevzadzeyə isə suvenir xalça hədiyyə edib.