
TBİLİSİ, 22 fevral. TELEQRAF
“Azərbaycanda Gürcüstan, Gürcüstanda isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinə zərurət yaranıb”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Dövlət Akademik Milli Dram Teatrı və Şota Rustaveli adına Milli Teatr arasında əməkdaşlıq sənədinin imzalanması mərasimindəki çıxışında deyib.
O, mədəniyyət günlərinin geniş nümayəndə heyətlərinin iştirakı ilə təşkilinin zəruri olduğunu bildirib.
“Biz əminik ki, qısa zamanda hər iki ölkədə bu tədbirlər həyata keçiriləcək”, - F.Quliyev qeyd edib.
Diplomat Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb və əlavə edib ki, iki milli teatr arasında imzalanmış memorandum bu prosesə öz töhfəsini verəcək.
Qeyd edək ki, Gürcüstanda sonuncu dəfə Azərbaycan Mədəniyyəti Günləri 15 il öncə – 2009-cu ilin iyunun 16-19-da keçirilib. 2019-cu ildə qarşılıqlı mədəniyyət günlərinin təşkili ilə bağlı razılıq əldə olunsa da, tədbirlər baş tutmayıb.