
BAKI, 21 fevral. TELEQRAF
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının, sahibkarların və Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin iştirakı ilə birgə görüş keçirilib.
Teleqraf xəbər verir ki, görüşdə sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təklifləri dinlənilib, əmək müqavilələrinin bağlanılması, sənəd dövriyyəsinin azaldılması, regionlarda bina tikintisinin təşviqi mexanizmlərinin yaradılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı, eləcə də qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərinin öyrənilməsi məqsədilə müntəzəm olaraq görüşlərin keçirilməsini davam etdirir.