.png)
BAKI, 7 aprel. TELEQRAF
“Yığma ilə birlikdə düşərgədə qalmaq istəmədi, bu da qəbul olunan bir şey deyil. Belə hərəkəti özüm üçün də gözlənilməz oldu. Çünki onunla danışığım olmuşdu. Amma verdiyi sözə əməl etmədi”.
Bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov qapıçı Rövşən Hüseynlinin hazırlıq prosesindən uzaqlaşdırılma səbəbi barədə Teleqraf-a açıqlamasında deyib.
43 yaşlı mütəxəssis Hüseynlinin heyətdən kənarlaşdırılmasına “Liv Bona Dea Arena”da qalmaq əvəzinə evdən gəlib-getmək istəyinin səbəb olduğunu təsdiqləyib: “Rövşən söhbət zamanı evdə qalmaq istədiyini bildirdi, mən isə "yox" dedim. Bununla da söhbət bağlandı. Qərar verdim ki, növbəti iki oyunda yığmadan azad olunsun”.
Borisov itkilərə rəğmən, aprelin 11-də İsveçlə səfər, aprelin 15-də Xorvatiya ilə ev qarşılaşmalarına qələbə üçün çıxacaqlarını bildirib: “Komanda dünəndən təlim-məşq toplanışına başlayıb. Günü iki məşqlə başa vurduq. Bu gün də eyni qrafiklə - 2 məşqlə davam edəcəyik. Sabah isə Bakıda son məşqimizi keçib gecəyarı səfərə yollanacağıq. Heyətlə bağlı problemlər var. Ülvi Əliyev zədəli olduğuna görə ümumiyyətlə siyahıya adını daxil etmədik. Daha sonra “Baku Fire” komandasının üzvləri - qapıçı Kamran Hacıyev və hücumçu Nihad İsmayılov yüngül zədələrinin və ağrılarının olduğunu bildirdi. Biz də onlara müalicə üçün şərait yaratdıq. Hüseynli isə intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırıldı. Əvəzində ilk dəfə “Neftçi”İK-dan qapıçı Vladislav Reznov və “Şuşa”nın təcrübəli hücumçusu Rüstəm Bağırov komandanın düşərgəsindədir. Fiziki yükləmələr fonunda taktiki çalışmalara da yer veririk".
Baş məşqçi komandasının qrupdan çıxma şansının qalmadığını etiraf etsə də, son görüşlərə qələbə üçün çıxacaqlarını vurğulayıb: "Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. İstəyirik ki, ilk qələbəmizi qazanaq. Rəqibin son iki oyununu izləmişik. Bizim üçün zədələrlə paralel oyunun keçiriləcəyi məkanın örtüyünün terafleks olması da çətinlik yaradacaq. Biz, adətən, parketdə oynayırıq. Terafleksdə oynamaq fərqlidir – top parketdəki kimi sürətli hərəkət etmir. Üstəlik, bu örtükdə demək olar ki, 8 ildir oynamırlar. Sonuncu dəfə Niderlanda qarşı terafleksdə çıxış etmişdik. Yenidən eyni örtükdə oynamaq bizə problem yarada bilər. Qrupdan çıxma şansımız olmasa da, reytinq xallarımızı artırmaq üçün səfərdən mütləq 3 xalla dönmək istəyirik".
Borisov qapıçı sarıdan problemlərinin olmadığı söyləyib: "Emin Kürdov ötən oyunda da qapını qoruyub, yəqin bu dəfə də ona şans verəcəyəm. Komandada ab-hava yaxşıdır. Vaxtımız azdır, amma uşaqlar məşq prosesində yaxşı iştirak edirlər”.
Qeyd edək ki, 34 yaşlı qolkiper yığmanın təlim-məşq toplanışında olduğu "Liv Bona Dea Arena"da qalmaq istəməyib. O, məşqlərə evdən gəlib-getmək niyyətində olduğunu bildirib, lakin baş məşqçi Vitali Borisov buna icazə verməyib.