BAKI, 6 aprel. TELEQRAF

6 aprel - Beynəlxalq İdman Günüdür.

Teleqraf xəbər verir ki, bu gün 2013-cü ilin iyununda ABŞ-nin Nyu-York şəhərində keçirilmiş Beynəlxalq İnkişaf və Sülh üçün İdman Forumunun təşəbbüsü ilə 2013-cü il avqustun 23-də BMT Baş Assambleyasının (67/296 qətnaməsi) qərarı ilə təsis edilib.

6 aprel tarixi 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilmiş ilk müasir Olimpiya Oyunlarının açılışına həsr edilib. Həmçinin 1922-ci ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə Beynəlxalq Olimpiya Komitəsi (IOC) arasında zəhmətkeşlər üçün idmanın əlçatanlığını artırmaq məqsədini güdən razılaşma imzalanıb.

BMT qətnaməsi dövlətləri, beynəlxalq və regional idman təşkilatlarını idmanın inkişafını təşviq etməyə və sülhün qorunmasına töhfə verməyə çağırır. İdmanın inkişaf və sülh məsələlərinə töhfəsi BMT-nin 2015-ci ildə qəbul etdiyi və 2030-cu ilə qədər nəzərdə tutulan Davamlı İnkişaf Məqsədləri gündəliyində də qeyd olunur.

Dünyada Beynəlxalq İdman Gününə həsr olunan bir sıra tədbirlər keçirilib. İdman xeyriyyə tədbirləri, məsələn, "Right to Play" ("Oynama hüququ") və "Peace and Sport" ("Sülh və İdman") təşkilatları ilə birlikdə keçirilir. Hər il bu günün özünə məxsus mövzusu olur. 2025-ci ildə mövzu "Hər kəs üçün idman sahəsi: Sosial inteqrasiya üçün idman" olacaq.

Bu gün çərçivəsində "Ağ Vərəqə" ("WhiteCard") foto-fləşmobu təşkil edilir, iştirakçılar idman qaydalarını pozan qırmızı vərəqənin əksinə, ağ vərəqə ilə şəkil çəkdirirlər. Bu təşəbbüs idmanda "ədalətli və konstruktiv yanaşmanı" təşviq edir.