
BAKI, 31 mart. TELEQRAF
Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start verilib.
Teleqraf xəbər verir ki, ilk turda Azərbaycanın 5 şahmatçısı qələbə qazanıb.
Avropa çempionatının son qalibi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova rəqiblərindən üstün olub.
Gülnar Məmmədova və Nərmin Abdinova heç-heçə edib, Lalə Hüseynova isə turnirə məğlubiyyətlə başlayıb.
Qitə birinciliyində Azərbaycanı 8 şahmatçı təmsil edir. Ümumilikdə 137 idmançının iştirak etdiyi turnirin reytinq favoriti Nino Batsiaşvilidir (Gürcüstan).
Yarışın mükafat fondu 60 min avrodur. Çempion olacaq şahmatçı 10 min avro pul mükafatı əldə edəcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq. Çempionatda ilk 10 yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.