BAKI. 28 fevral. TELEQRAF

"Ümumiyyətlə, VAR-ı rədd etmək lazımdır".

Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis ilk olaraq azarkeşlərə təşəkkür edib: “Gələn və gəlməyən bütün azarkeşlərimizə, oyunda əziyyəti olan hər kəsə təşəkkür edirəm. Elə insanlar var ki, onlar kölgədə qalır, lakin əziyyətləri böyükdür".

Baş məşqçi oyun haqda danışmağın çətin olduğunu vurğulayıb: "İlk oyundan sonra komandanın özünü hazırlamaq təhlükəli və önəmli idi. Qarşılaşma barədə danışmaq çox çətindir. Bu cür oyunlarda qol buraxmamaq üçün mübarizə aparmaq önəmlidir. Bu gün də xarakterin vacibliyini göstərdik. Bu il nə qopara biliriksə, onu qoparmağa çalışacağıq. Bacardığımız qədər çempionatın sonuna kimi xal yığmaq istəyirik".

Abasov hakimlikdən narazılığını gizlətməyərək 61-ci dəqiqədə Bassala Sambuya göstərilən qırmızı vərəqənin ədalətli olmadığını bildirib: "Bizim oyunlarda hakimliklə bağlı baş verənlər artıq məni narahat edir. Düzdür, onların da işi çətindir. Lakin hər bir epizod kitabda yazıldığı qədər də olmur. Oyunu dərindən analiz və dərk etmək lazımdır. Qırmızı vərəqə ilə razılaşmadım. Fikrimcə, orada "qırmızı"lıq bir nüans yoxdur və mən buna etiraz edirəm. Hakimlərin kitabla deyil, düşdüyü situasiyaya uyğun qərar verməyini istəyirəm. Burada sarı vərəqə ilə söhbət bağlanmalıdır. Məntiqlə düşünmək lazım idi. Qırmızı vərəqə artıq idi. Düşünürəm ki, bunu nəzərə alarlar və bizim apellyasiyaya müraciət etməyimizə ehtiyac qalmaz”.