
BAKI, 27 fevral. TELEQRAF
“Qarabağ”da böyümüşəm, uşaqlıqda burada futbola başlamışam. Onlara qarşı oynamaq mənim üçün çox xoşdur. Həmçinin onlarla daha çox qarşılaşmaq bizim böyüməyimiz üçün də yaxşıdır”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Səbail”in yarımmüdafiəçisi Nihad Quliyev səfərdə “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü barədə danışarkən deyib.
“Dənizçilər”in 24 yaşlı futbolçusu böyükhesablı məğlubiyyətlə bitən qarşılaşmanı 0:1 hesabı ilə uduzduqları ilk oyunla müqayisə edib: “Yəqin, məşqçilərimiz oyunu analiz edəcək. Birinci görüşdə “Qarabağ” süni meydanda oynamaqda əziyyət çəkdiyindən, yəqin belə hesab olmamışdı. Bu dəfə isə onlar öz meydanlarında rahat çıxış etdilər”.
Quliyev elitada qalmaq uğrunda mübarizənin gərginləşdiyini də bildirib: “Cavid Hüseynov bizə baş məşqçidən əvvəl dostdur. Komandada hər şey çox yaxşıdır. Ümid edirəm, nəticələrimiz daha müsbət olacaq. Premyer Liqada qalmaq uğrunda mübarizə “Kəpəz”, “Şamaxı” və bizim aramızda gedir. Elitada qalmaq əsas hədəfimizdir. Qarşıdakı günlərdə nəyin necə olacağı bilinəcək”.
Qeyd edək ki, Nihad Quliyev 2024-cü ilin yayında “Qarabağ”dan “Səbail”ə transfer olunub.