
BAKI. 28 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin sonuncu cavab görüşü keçirilib.
Teleqraf xəbər verir ki, "Neftçi" eyniadlı arenada "Kəpəz"i qəbul edib. Baş hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 27-ci dəqiqədə "ağ-qaralar"ın yeni transferi Bassala Sambu vurub. İngiltərəli legioner 61-ci dəqiqədə də "fərqlənib". O, rəqib oyunçu Elmir Tağıyevlə mübarizədə kobudluq etdiyi üçün əvvəlcə sarı vərəqə alıb. Lakin VAR-ın müdaxiləsindən sonra referi "sarı"nı birbaşa qırmızı vərəqə ilə əvəzləyərək, hücumçunu meydandan qovub.
Lakin "Kəpəz" say üstünlüyündən yararlana bilməyib. Nəticədə ilk oyunda da 2:0 hesabı ilə qalib gəlmiş "ağ-qaralar" yarımfinala yüksəlib. Finala gedən yolda rəqib "Sabah" komandası olacaq.
Digər yarımfinalda isə "Qarabağ" və "Araz-Naxçıvan" kollektivləri qarşılaşacaq.