
BAKI, 28 fevral. TELEQRAF
“Necə olur, saat 13:00-dakı oyuna əvəzedicilərdən ibarət "Şamaxı-2" və "Turan Tovuz-2" komandaları və digərləri gəlir, “Kür-Araz” gəlib çata bilmir? Onlara hərtərəfli kömək olunub, yol göstərilib ki, Ağsu aşırımı ilə gəlməyin. Aşırımla gedib, sonra da video çəkib göndəriblər”.
Bu sözləri Teleqraf-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev deyib.
Onun sözlərinə görə, II Liqada XIV turun “Şahdağ Qusar”la səfər oyununa “Kür-Araz” komandası bilərəkdən Ağsu aşırımı ilə gedib: “Bu gün saat 13:00-da həmin stadionda “Şamaxı-2” – “Turan-Tovuz-2” oyun olub. Stadion çoxdan hazır vəziyyətdədir. Gecə saat 2-də "Şahdağ Qusar" matçın keçirilməli olduğu Şamaxı Olimpiya İdman Kompleksinin meydanını qardan təmizləyib. O boyda əziyyətin qarşılığında "Kür-Araz" keflərinə uyğun seçim ediblər. Biz və meydan sahibi komanda tərəfindən onlara şifahi şəkildə deyilib ki, aşırımla gəlməyin, deyilən yolla gəlin və oyuna çatın. Onlara maksimum səviyyədə yol göstərmişik. Digər komandalara ora necə gedibsə, bunlar da elə getməli idilər. Digərləri biz deyən yolla gediblər. Onlar isə öz ağılları ilə gedib və yolda ilişib qalıblar”.
Qeyd edək ki, matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.