BAKI, 28 fevral. TELEQRAF

“Hər ikinci oyunda mən və Şahruddin Məhəmmədəliyev yerimizi dəyişirik. Ona görə əsas qapıçının kim olduğunu bilmirəm. Qərarı baş məşqçimiz Qurban Qurbanov verir”.

Bu sözləri “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski evdə “Səbail”i 3:1 hesabla məğlub etdikləri Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşündən sonra Teleqraf-a açıqlamasında deyib.

Ağdamlıların 25 yaşlı qolkiperi kubokun yarımfinalına vəsiqə qazanmalarından məmnunluq ifadə edib: “Səbail” yaxşı oynadı. Ancaq biz daha yaxşı çıxış edib, müsbət nəticə qazandıq. Yarımfinala getməyimiz çox önəmli idi. Növbəti mərhələyə yüksəldiyimiz üçün sevincliyik”.

Koxalski Premyer Liqada “Sumqayıt”la səfər oyununa ciddi hazırlaşacaqlarını vurğulayıb: “Bu oyunun çox da asan olacağını düşünmürəm. Ümid edirəm ki, yenə biz qalib gələcəyik. Səfərdə oynayacağımızdan, çətin görüş olacaq. Düşünürəm ki, hər oyunda olduğu kimi, bu rəqibə qarşı da yaxşı mübarizə aparacağıq. Oradan da 3 xal əldə edəcəyimizə inanıram. Hər çempionat oyunu çətindir. Meydana çıxacağıqsa, əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, martın 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyunu saat 19:30-da start götürəcək. Hazırda “köhlən atlar” 57 xalla turnir cədvəlində 1-ci, “kimyaçılar” isə 22 xalla 7-ci pillədə yer alır.