
BAKI, 28 fevral. TELEQRAF
“Komanda yoldaşlarım çox yaxşı mübarizə apardılar, onları təbrik edirəm. İkinci qol sayılmadı. Orada nəyin necə baş verdiyini özləri bilirlər”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Səbail”in qapıçısı Hüseynəli Quliyev səfərdə “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşü barədə danışarkən deyib.
26 yaşlı “əlcək sahibi” komandasının qollarından birinin sayılmamasını VAR sistemi ilə əlaqələndirib: “Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz güclü “Qarabağ” komandası idi. İlk görüşdə 0:1 hesabı ilə uduzmuşduq. Buna baxmayaraq, yenə də oyuna maksimum hazırlaşmışdıq. Gözlədiyimiz kimi, oyun çətin keçdi. Hər bir halda iki qol vurmuşduq, düzdür, biri sayılmadı. Yəqin ofsayd idi ki, VAR-dan da elə qərar verdilər”.
Quliyev əsas diqqəti Premyer Liqada XXV turun “Şamaxı” ilə ev oyununa yönəltdiklərini vurğulayıb: “Rotasiyaların olması “Şamaxı” ilə vacib oyuna hazırlıq üçün idi. Meydana yalnız qələbə üçün çıxacağıq. Öz meydanımızda oynayacağıq, çalışacağıq ki, layiqli mübarizə aparaq. Komandamız qış fasiləsindən sonra “Qarabağ”la oyunu çıxsaq, digərlərində yaxşı nəticələr əldə edib. Bir neçə oyunda qolsuz heç-heçə etmişik. Yəni, kollektiv üzvləri bir-birinə uyğunlaşdılar, qış fasiləsi bizə düşdü. Mövsümün sonuna qədər Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, martın 3-də “ASCO Arena”da keçiriləcək "Səbail" - “Şamaxı” oyunu saat 17:00-da başlanacaq. Hazırda “dənizçilər” turnir cədvəlində 18 alla sonuncu, “şirlər” isə 21 xalla 8-ci pillədə yer alıb.