
BAKI, 28 fevral. TELEQRAF
Fevralın 28-də Vaşinqtonda - Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında keçirilən görüşdə tərəflər arasında mübahisə düşüb.
Teleqraf xəbər verir ki, danışıqların mətbuata açıq hissəsi sakit başlayıb.
Daha sonra D.Tramp ucadan danışıb və V.Zelenskinin üstünə qışqırıb:
- Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və müharibəni dayandırmaq istəyirik. Siz “Müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsiniz.
Ukrayna lideri buna etiraz edib.
Bu zaman ABŞ-nin vitse-prezidenti Cey Di Vens mübahisəyə müdaxilə edib:
- Mən sizin ölkənizin məhvinə son qoyacaq diplomatiya haqqında danışıram. Cənab Prezident, hörmətlə deyirəm, düşünürəm ki, Oval Ofisə gəlib Amerika mediası qarşısında müzakirə etməyiniz hörmətsizlikdir. Hazırda siz əsgərləri cəbhəyə göndərməyə məcbur edirsiniz, çünki canlı qüvvə problemi yaşayırsınız. Siz, əslində, bu münaqişəyə son qoymağa çalışan Prezidentə təşəkkür etməlisiniz.
Zelenski:
- Heç Ukraynada olmusunuz? Problemlərimizi gördümüsünüz? Bir dəfə gəlin.
Vens:
- Mən, əslində, izləyib görmüşəm və bilirəm ki, siz insanları gətirib onlara təbliğat turu təşkil edirsiniz, cənab Prezident... Siz canlı qüvvə cəlb etməkdə çətinlik çəkdiyinizlə razı deyilsinizmi?
Zelenski:
- Çətinliklərimiz var.
Vens:
- Bəs Amerika Birləşmiş Ştatlarının Oval Ofisinə gəlib ölkənizin məhv olmasının qarşısını almağa çalışan administrasiyaya hücum etməyinizin hörmətli bir davranış olduğunu düşünürsünüzmü?
Zelenski:
- Suallar çoxdur. Gəlin əvvəldən başlayaq.
Vens:
- Əlbəttə.
Zelenski:
- İlk növbədə onu deyim ki, müharibə zamanı hər kəsin problemləri olur. Sizin də. Amma sizin gözəl okeanınız var və indi hiss etmirsiniz, amma gələcəkdə hiss edəcəksiniz. Tanrı sizi qorusun.
Tramp:
- Siz bunu bilmirsiniz.
Zelenski:
- Tanrı sizi qorusun. Tanrı sizi qorusun. Siz müharibə yaşamayacaqsınız.
Tramp:
- Biz problemin həllinə çalışırıq. Bizim nə hiss edəcəyimizi siz bizə deyə bilməzsiniz.
Zelenski:
- Mən sizə demirəm.
Tramp:
- Çünki siz bunu diktə edəcək mövqedə deyilsiniz. Bunu unutmayın.
Zelenski:
- Mən diktə etmirəm.
Tramp:
- Siz bizim nə hiss edəcəyimizi müəyyən edəcək mövqedə deyilsiniz. Biz özümüzü çox yaxşı hiss edəcəyik.
Zelenski:
- Siz təsiri hiss edəcəksiniz.
Tramp:
- Biz özümüzü çox yaxşı və çox güclü hiss edəcəyik.
Zelenski:
- Siz təsiri hiss edəcəksiniz.
Tramp:
- Siz hazırda yaxşı vəziyyətdə deyilsiniz. Özünüzü çox pis vəziyyətə salmısınız.
Zelenski:
- Müharibənin lap əvvəlindən, müharibənin lap əvvəlindən, cənab Prezident.
Tramp:
- Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kart yoxdur. Bizimlə birlikdə olsanız, üstünlük qazanmağa başlayarsınız. Əlinizdə kartlarınız yoxdur.
Zelenski:
- Mən kart oynamıram.
Tramp:
- Amma hazırda üstünlüyünüz yoxdur.
Zelenski:
- Mən çox ciddi danışıram, cənab Prezident.
Tramp:
- Siz kart oynayırsınız.
Zelenski:
- Mən çox ciddiyəm.
Tramp:
- Siz milyonlarla insanın həyatı ilə qumar oynayırsınız. Siz Üçüncü Dünya müharibəsi ilə qumar oynayırsınız. (iki dəfə təkrar edir) Və etdiyiniz bu ölkəyə qarşı çox hörmətsiz hərəkətdir... Bu ölkəyə, bizim ölkəmizə... Bu ölkə sizə lazım olduğundan daha çox kömək edib.
Vens:
- Siz bir dəfə təşəkkür etmisinizmi?
Zelenski:
- Dəfələrlə, hətta bu gün də...
Vens:
- Siz oktyabr ayında Pensilvaniyaya gedib müxalifət üçün kampaniya apardınız. Amerika Birləşmiş Ştatlarına və ölkənizi xilas etməyə çalışan Prezidentə minnətdarlıq ifadə edin.
***
22.39
ABŞ Prezidenti Donald Tramp fevralın 28-də Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə gərgin keçən danışıqlardan sonra açıqlama verib.
Teleqraf xəbər verir ki, Tramp ukraynalı həmkarının münaqişəni həll etməyə hazır olmadığını bildirib.
Tramp sosial şəbəkədə yazıb: “Zelenski münaqişəni sülh yolu ilə həll etməyə hazır deyil”.
Qeyd edək ki, ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskinin mətbuat konfransı mübahisədən sonra ləğv edilib.
***
22.32
ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında görüş dayandırılıb.
Teleqraf xəbər verir ki, Ağ Evin Oval kabinetində mübahisədən sonra Zelenski Ağ Evi tərk edib.
***
21.56
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda danışıqlar zamanı ukraynalı həmkarı Volodimir Zelenskiyə qışqırıb.
Teleqraf xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Ağ Ev rəhbəri ucadan qışqırıb:
"Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və müharibəni dayandırmaq istəyirik. Siz “Müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsiniz".
ABŞ vitse-prezidenti J.D.Vens dövlət başçıları arasında dialoqa müdaxilə edib:
Tramp eyni zamanda həmkarını “milyonlarla insanın həyatı ilə oynamaqda” qınayıb.