
BAKI, 28 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Teleqraf xəbər verir ki, "Zirə" eyni adlı İdman Kompleksinin stadionunda "Araz-Naxçıvan"ı qəbul edib.
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmanı Muxtar Respublika təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda hesabı Felipe Silva açıb. O, 3-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. 29 yaşlı futbolçu 45-ci dəqiqədə də 11 metrlik cərimə zərbəsini qola çevirərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
"Araz-Naxçıvan" iki oyunun ümumi hesabında 3:0 hesabı ilə qalib gələrək, yarımfinal mərhələsinə yüksəlib. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv "Qarabağ"la qarşılaşacaq.