
BAKI, 28 fevral. TELEQRAF
Ötən gün premyerası keçirilən "Spinozanın tanrısı" filmində futbol mövzusu ilə bağlı epizod geniş müzakirələrə səbəb olub.
Teleqraf xəbər verir ki, ekran əsərində əməkdar artist Elşən Rüstəmovun canlandırdığı Tofiq Qurbanov adlı obrazın “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olduğu iddia edilir.
Filmin futbolla bağlı hissəsinin süjet xəttinə əsasən, baş məşqçi ateist olduğu üçün işdən qovulur. Onunla söhbət edən digər qəhrəman isə deyir: "Dindar baş məşqçi də gördük, yığmaya da özü kimi dindarları doldurub".
İddialara əsasən, kinodakı obraz Qurban Qurbanovdur.
Teleqraf-a açıqlamasında filmin rejissoru Cavid Təvəkkül isə bunu təkzib edib. Onun sözlərinə görə, konkret olaraq “Qarabağ”ın baş məşqçisini nəzərdə tutmayıblar: "Təbii ki, bu, hansısa baş məşqçinin prototipidir. Lakin həmin obrazı heç bir azərbaycanlı baş məşqçini nəzərdə tutaraq canlandırmamışıq. Sadəcə, Azərbaycan futbolunun problemindən danışmışıq. Filmə diqqətlə baxmaq lazımdır. Hansısa ad çəkərək heç bir kəlmə demirik. Bu, yaradıcı təxəyyüldür. Problemlərə belə yanaşmışıq, vəssalam".
Rejissor Qurban Qurbanova hörmətlə yanaşdıqlarını da diqqətə çatdırıb: "Qurbanov Azərbaycan millisində işləmiş yeganə baş məşqçidir ki, “Qarabağ”ı Avropaya tanıtdırıb. Biz də ona azarkeşlik edirik. İstəyirik ki, nəinki “Qarabağ”, hətta digər klublar da avrokuboklarda oynasınlar. Biz bu fəthi etməliyik. Əlbəttə, əvvəlcədən düşündük ki, ağıllı tamaşaçı mövzuya səthi yanaşmayacaq. Tövsiyyə edirəm ki, Qurban Qurbanovun obrazının canlandırıldığını iddia edənlər filmə diqqətlə baxsınlar. Biz orada nə demişik, nəyi demək istəmişik və konkret fikrimiz nədirsə, elə qərar versinlər”.
Filmin ssenaristi, həm də keçmiş idman jurnalisti Rəsul Allahverdiyev isə sosial şəbəkə hesabında paylaşım edərək, yazıb: "Bu yanlış anlaşılma həssas məsələ olduğuna görə münasibət bildirmək istəyirəm. Dünən təqdimatı olan "Spinozanın Tanrısı" filimində heç bir futbol adamı dini baxışlarına görə tənqid olunmayıb, din mövzusu ümumiyyətlə qabardılmayıb. Sadəcə, epizodlardan birində, məşqçi Tofiq Qurbanov (obraz) cəmiyyətin, futbol ictimaiyyətinin dilindən "O biri Qurbanov da gəldi, dedilər ki, dindardır" deyə şikayətlənir. Onun məşqçi dostu Saleh isə "Guya bütün dindar oyunçuları yığdı başına" replikası ilə həmin dövrdə yaranmış real, ironik vəziyyətə işarə edir, onu pisləyir. Həmin epizodda əsas diqqət çəkilən mövzu isə azərbaycanlı məşqçi Tofiqə yetərincə etimad göstərilməməsi, əvəzində xarici məşqçilərə güvənilməsidir. Məğz ondan ibarətdir ki, mən Qurbanov ateist, o biri Qurbanov dindar - belə şeylərə görə təzyiqlərə məruz qaldıq. Xarici məşqçilərin dini, mənsəbi isə heç kimə maraqlı deyil”.
Qeyd edək ki, Qurban Qurbanov Azərbaycan millisində 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək çalışıb.