
BAKI, 28 fevral. TELEQRAF
Qış transfer pəncərəsində "Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna keçən Julio Romao yeni komandasında ilk qolunu vurub.
Teleqraf xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Macarıstan Kubokunun 1/8 final mərhələsində səfərdə "Dyör"la oyunda qapıların yerini səhv salıb. O, qarşılaşmanın 54-cü dəqiqəsində avtoqol müəllifi olub.
Oyunun əsas vaxtı 3:3 hesabı ilə bitib. "Ferentsvaroş" əlavə edilmiş dəqiqələrdə rəqibini 4:3 hesabı ilə üstələyərək 1/4 final mərhələsinə yüksəlib. "Ağ-yaşıllar"ın növbəti rəqibi "Uypeşt" olub.
Qeyd edək ki, Julio Romao "Ferentsvaroş"un heyətində indiyədək 6 oyunda iştirak edib. O, 2022-ci ilin yayından 2025-ci ilin fevralına qədər "Qarabağ"ın şərəfini qoruyub.