
BAKI, 27 fevral. TELEQRAF
“Məğlub olduqsa, deməli, nəyisə dəyişməyə hələlik gücümüz çatmır. Problem məndədirsə, birinci gündən dediyim kimi, komandanın xeyrinə olacaqsa, o dəyişiklik olsun. Komandada bununla bağlı problem yoxdursa, bu vəziyyətdən çıxacağıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Kubokunda "Sabah" komandasına evdə 0:4 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis komandasının ölkə kubokunda mübarizəni dayandırmasına izahat verməkdə çətinlik çəkib: “İnanıram ki, hər biriniz iki fərqi izlədiniz. Çox yaxşı rəqibə qarşı oynadıq və məğlub olduq. Bəlkə də uduzmamalı idik. Artıq ikinci hissədəki hesab öz sözünü dedi. Nə isə demək çətindir. Fikirləşdiyimizi reallaşdıra bilmirik. Bizim hücumlarımız var. Ya baş məşqçi, ya da futbolçular getməlidir. Amma gənc məşqçi üçün dəstəyiniz önəmlidir. Çətin vəziyyətdəydik və xal durumumuz daha pis idi. Mən komandanı götürəndə turnir cədvəlində 9-cu yerdə idi. Ona görə ancaq irəli baxırq. İnanıram ki, mənə və komandaya dəstəyiniz olacaq”.
Baş məşqçi “Sumqayıt”ın uğursuzluqlarının əsas səbəbini belə izah edib: “Futbolçular yetərsizdir. Hücumlar etsək də, qol vura bilmirik. Nə isə çatmır. "Sabah"ın dörd fürsəti oldu, hamısını qolla tamamladılar. Komanda nə vaxtsa sonuncu pillələrdə olsa, gedərəm. Amma gec-tez bu problemdən qurtulacağımıza inanıram. Hamını başa düşürəm, futbolçularımın arxasındayam. Bu gün problemin təkcə məndə olduğuna inanmıram. Mən hamı ilə açıq danışıram. Bəzən deyirlər ki, Vaqif Cavadov çox danışır, işini görməlidir. Tövsiyənizi qəbul edirəm. Bundan sonra az danışacağam. Mən niyə üzr istəməliyəm? O vaxt üzr istəyərəm ki, komanda aşağı liqaya yuvarlanmaq təhlükəsi ilə üz-üzə qalsın. Bəli, razıyam ki, problem var. Açıq-aşkar qol vura bilmirik. Yeni transferlər etmişik. Amma heç kim deyə bilməz ki, bu addımlar nə vaxt öz bəhrəsini verəcək... Əfsuslar olsun ki, futbolda belə hallar baş verir. İndi fikrimizi Premyer Liqaya cəmləməliyik. Qarşıda "Kəpəz" və "Şamaxı" ilə oyunlarımız var. Həmin matçlardan çox şey asılı olacaq”.
Təcrübəli mütəxəssis yeni transferlərin tam hazır olmadığını da qeyd edib: “Biz cəmi üç transfer etmişik. Bu işlərlə klub rəhbərliyi, seleksiya xidməti və baş məşqçi məşğul olur. Təbii ki, qış fasiləsində yaxşı futbolçu tapmaq çətindir. İstəsək də, daha çox və yaxşı oyunçu ala bilməzdik. Gücümüz çatmır. Mən də robot deyiləm, futbolçular da. Bir neçə həftə meydana çıxmayan, hətta təlim-məşq toplanışı keçməyən futbolçunu 90 dəqiqə oynatmaq böyük riskdir. Mən Nostradamus deyiləm ki, gələcəyi görüm. Fikrimcə, bir qələbə hər şeyi həll edəcək”.
V. Cavadov “Sumqayıt”la qış fasiləsində müqavilə imzalamasından sonra komandanın uğursuz nəticələr göstərməsi barədə suala isə belə reaksiya verib: “Kaş ki, o müqaviləni bağlamazdım (gülür - red.). Biz "Sabah" deyilik ki, oyun ərzində çoxlu qol epizodu yaradaq. Fürsətlərimiz az olur, ondan da istifadə edə bilmirik”.
Qeyd edək ki, “kimyaçılar” Azərbaycan Kubokunun 1/4 finalında “bayquşlar”a 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.