
BAKI, 28 fevral. TELEQRAF
Fevralın 24-də Fransa Prezidenti Emmanuel Makronun ABŞ-yə səfəri zamanı Avropaya əlavə rüsumların tətbiq olunmaması ilə bağlı danışıqlardan çox ümidsiz ayrıldığını qeyd edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Portuqaliyada Baş nazir Luis Monteneqro ilə birgə mətbuat konfransında bildirib.
O etiraf edib ki, ABŞ Prezidenti Donald Trampla Avropa İttifaqı (Aİ) ölkələrinə gömrük tariflərinin artırılması ilə bağlı müzakirələri çətin keçib.
"Bu səfər zamanı və ondan sonra şəxsən mən (gömrük) tariflər məsələsini qaldırdım. Danışıqların çətin olduğunu dedim və çox az ümidlə ayrıldım", - Makron belə deyib.
ABŞ-ın Aİ-yə tətbiq edəcəyi vergi artımının heç kimin xeyrinə olmayacağını söyləyən Makron əlavə edib ki, Avropanın bu cür tədbirlər qarşısında zəif olmaq lüksü yoxdur.
Makron qeyd edib ki, ABŞ administrasiyası Avropa ölkələrinə qarşı yeni gömrük rüsumları tətbiq etsə, onlar da buna cavab verəcəklər.
Makron həmçinin Portuqaliya ilə Canon Sezar sistemləri və pilotsuz təyyarələrin satışı üçün müqavilə imzalayacaqlarını və hərbi innovasiyaların inkişafı üzərində işləməyə davam edəcəklərini ifadə edərək, Avropanın müdafiə sahəsinə investisiya qoyuluşunu bir daha xatırladıb.
Xatırladaq ki, Tramp fevralın 26-da Aİ-yə qarşı gömrük rüsumlarını tezliklə elan edəcəklərini və 25 faizlik tarif tətbiq etməyə qərar verəcəyini açıqlayıb.