BAKI, 28 fevral. TELEQRAF

Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində baş verən yol-nəqliyyat qəzasına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb edilib.

Bu barədə Teleqrafa FHN-in mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “MERCEDES” və "VAZ 2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib".

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

22.02

Bu gün saat 19:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Teleqrafın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.

Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

21.39

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində "Mercedes", "KIA" və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini 2022-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.

Hadisə nəticəsində xəsarət alanlar Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb.