BAKI, 11 iyun. TELEQRAF

Səudiyyə Ərəbistanı İranın region ölkələrinə qarşı həyata keçirdiyi cavab hücumlarını kəskin şəkildə qınayıb və yaranmış hərbi gərginliyin azaldılması üçün təcili çağırış edib.

Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında İranın İordaniya, Bəhreyn və Küveyt ərazilərinə zərbələr endirməsi pislənilib. Qeyd olunub ki, bu növ davamlı hücumlar Yaxın Şərqdəki mövcud gərginliyi daha da alovlandırır.

Riyad eskalasiyanın qarşısının alınması üçün tərəfləri təmkinli olmağa çağırıb: "Regionu və onun xalqlarını dağıdıcı müharibənin fəsadlarından qorumaq, sabitliyi bərpa etmək üçün diplomatik səylərə qayıtmaq, Pakistan və Qətərin vasitəçiliyi ilə konstruktiv danışıqları bərpa etmək mütləqdir. Bu mərhələdə ortaq ağıl qalib gəlməlidir".

Bəyanatda həmçinin qeyd olunub ki, Səudiyyə Ərəbistanı regionda və qlobal səviyyədə təhlükəsizliyin təmin olunması istiqamətində bütün siyasi addımları dəstəkləməyə hazırdır.