BAKI, 11 iyun. TELEQRAF
Oman sahillərində hərəkətdə olan “Settebello” neft tankerinə ABŞ qüvvələrinin endirdiyi zərbə nəticəsində iki hindistanlı dənizçi həlak olub, daha bir nəfər isə itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Hindistanın “The Hindu” nəşri məlumat yayıb.
Hindistan İrəli Dənizçilər İttifaqının baş katibi Manoc Yadavın sözlərinə görə, həlak olan şəxslər gəmiçi kursantı Aditya Şarma və mühərrik çilingəri Şivvanand Çaurasiyadır. Gəminin baş mühəndisi Patnala Sureşin isə taleyi hələ də naməlum olaraq qalır.
Hadisədən sonra Hindistan ABŞ-nin missiya müavini Ceyson Miksini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib.
ABŞ Mərkəzi Komandanlığı isə açıqlamasında “Settebello” tankerinə Oman körfəzində hərəkətdə olarkən “dəqiq zərbə” endirildiyini bildirib. Vaşinqton iddia edir ki, gəmi İran nefti daşıyıb və ekipaj ABŞ qüvvələrinin göstərişlərinə əməl etməyib.