BAKI, 11 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın əldə olunmasına üstünlük verir, lakin zərurət yaranacağı təqdirdə hərbi gücdən istifadə etməyə də hazırdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset Florida ştatında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Vaşinqton Tehranla saziş bağlamaq üçün imkan yaradıb, lakin İran bu fürsətdən istifadə etmir.

"Prezident Tramp İranla razılığa gəlmək üçün əlini uzadıb, onların belə imkanı var. Lakin onlar oyun oynamağa üstünlük verirlər. Əgər danışıqları bombaların köməyi ilə aparmalı olsaq, bunu da edəcəyik. Bu işdə kifayət qədər təcrübəliyik", - deyə Heqset bildirib.

ABŞ müdafiə naziri əlavə edib ki, Vaşinqton İranla bağlı bütün mümkün ssenariləri nəzərdən keçirməyə davam edir.