BAKI, 11 iyun. TELEQRAF

Aralıq dənizi və Xəzər regionlarında may ayında xam neftin qiymətləri ucuzlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.

Bildirilib ki, buna Asiya və Avropada tələbatın zəifləməsi, eləcə də alternativ neft növlərinə təklifin artması fonunda digər regionlardan rəqabətin güclənməsi səbəb olub. Bu qiymət əlavələrinin azalmasına gətirib çıxarıb.

Mayda "Saharan Blend" və "Azeri BTC" markalı neftin qiyməti aylıq müqayisədə müvafiq olaraq 6,95 ABŞ dolları və 8,43 ABŞ dolları azalıb. “North Sea Dated” etalon göstəricisinə nisbətdə isə müvafiq olaraq 2,04 ABŞ dolları və 5,91 ABŞ dolları səviyyəsində yüksəlib.

"CPC Blend" markalı Qazaxıstan neftinin qiyməti də aylıq müqayisədə 5,20 ABŞ dolları azalıb, "North Sea Dated" etalonuna nisbətdə isə 1,46 ABŞ dolları artıb.

Bundan əlavə, Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə ixrac mayda aylıq müqayisədə 47 min barel/gün və ya təxminən 8% azalaraq orta hesabla 541 min barel/gün təşkil edib. İllik müqayisədə isə BTC kəməri ilə ixrac 64 min barel/gün və ya təxminən 11% azalıb.