BAKI, 11 iyun. TELEQRAF
Pakistanın Baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Məlumata əsasən, nazirlər söhbət zamanı regionda baş verən son hadisələri müzakirə edib, mövcud vəziyyətin həlli üçün dialoq və təmkinin vacibliyini vurğulayıblar.
Tərəflər bütün iştirakçılar arasında qısa müddətdə razılığın əldə olunacağına ümid etdiklərini bildirərək, bunun regionda davamlı sülh və sabitliyə töhfə verəcəyini qeyd ediblər.
Bundan əlavə, İshaq Dar və Hakan Fidan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək, həmçinin Pakistan-Türkiyə strateji tərəfdaşlığının inkişafı məqsədilə yüksək səviyyəli təmasları sürdürmək barədə razılığa gəliblər.