BAKI, 11 iyun. TELEQRAF
Böyük Britaniya hakimiyyəti kəskin böhranlar zamanı iğtişaşlara və zorakılığa çağıran paylaşımların sosial şəbəkələrdən silinməsini məcburi etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar naziri Liz Kendall bildirib.
Nazirin sözlərinə görə, bununla bağlı internet təhlükəsizliyi haqqında qanuna dəyişikliklər gələn həftə parlamentin müzakirəsinə təqdim ediləcək.
"Sosial şəbəkələrdən zorakılıq və iğtişaşlara təhrik məqsədilə istifadə edənlər qanunu pozurlar. Mən Ofcom tənzimləyici qurumundan X və digər platformalarla təcili müzakirələr aparmağı xahiş etmişəm ki, onlar internet təhlükəsizliyi qanununun tələblərinə necə əməl edəcəklərini izah etsinlər", - deyə nazir vurğulayıb.
Məlumata görə, bu açıqlama Şimali İrlandiyanın paytaxtı Belfastda ikinci gecədir davam edən anti-miqrant iğtişaşları fonunda səsləndirilib.
Hadisələrə səbəb iyunun 8-də sudanlı Hadi Alodidin bıçaqlı hücumu olub. Hücum nəticəsində Stiven Oqilvi ağır yaralanıb, bir gözünü itirib və hazırda koma vəziyyətindədir. Şübhəli şəxs saxlanılıb və ona qarşı bir neçə ittiham irəli sürülüb.
İğtişaşlar zamanı etirazçılar avtobus, çoxsaylı avtomobillər, o cümlədən polis maşınlarını yandırıb, həmçinin Yaxın Şərq məhsulları mağazasını, türk bərbərxanasını, hind mağazasını və bir neçə yaşayış evini od vurublar. Nəticədə təxminən 30 nəfər evsiz qalıb.