BAKI, 11 iyun. TELEQRAF
Məhkəmənin qərarı ilə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postundan uzaqlaşdırılan Özgür Özəlin komandasından 28 Partiya Məclisi üzvü istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
CHP-dən İstanbul millət vəkili Zeynel Emre mətbuat konfransında baş verənlərlə bağlı deyib:
“Dünən də bəyan etmişdik ki, istəsək, istefalarla Partiya Məclisini buraxa bilərik. Bunun üçün 17 nəfərin istefası lazım idi. Niyə? 2020-ci ildə 60 məclis üzvü seçilmişdi. 15 də ehtiyat üzv var, ümumilikdə 75-dir. 6 il keçib. Bu 6 il ərzində istefalar, vəzifə təyinatları, bələdiyyə seçkiləri səbəbilə ehtiyatlarla birlikdə say 75-dən 57-yə düşüb. Partiya nizamnaməsinin müvafiq bəndinə görə, Partiya Məclisi ehtiyatlar gəldikdən sonra 2/3-dən aşağı düşərsə, avtomatik olaraq buraxılmış sayılır və növbədənkənar qurultay qərarı verilir. Bunun üçün 17 nəfərin istefası lazımdır. İndiyədək notarial qaydada 28 nəfərin istefasını qeydə almışıq. Bizimlə eyni fikirdə olan təxminən 10 nəfər də bunun səhv olduğunu, partiyanın məhvə aparıldığını və dərhal növbədənkənar qurultay qərarından başqa yol olmadığını bildirmək üçün məclisin iclasına gedir”.
CHP rəsmisi qeyd edib ki, partiya nizamnaməsinə görə, Partiya Məclisindəki istefalar nəticəsində ehtiyat üzvlər də qoşulduqdan sonra üzvlərin sayı tam tərkibin üçdə ikisindən aşağı düşərsə, məclis sədri 45 gün ərzində qurultayı çağırmağa məcbur edir:
“Bu saatdan sonra qurultayın çağırılmaması cinayətdir. Orada qalanlar israr etsələr, qanunsuz vəzifə icraetmə cinayətini də törətmiş olacaqlar”.
Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu yenidən vəzifəyə qaytarılıb.
Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrini ləğv edən məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan səsvermə partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən nəticələr mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.