BAKI, 11 iyun. TELEQRAF
Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi barəsində inzibati məsuliyyətə cəlb olunma qərarı çıxarılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən tərtib olunan protokolda qeyd olunub.
Məlumata görə, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Güzdək gömrük postundan daxil olmuş raportda qeyd edilib ki, Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən “Litasco Middle East DMCC” şirkətinə natamam bəyannamələrlə “Xam neft” adlı yük göndərilib.
Yüklər barədə gömrük bəyannamələri təqdim olunub.
Lakin Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarının 6.5-cı bəndinə əsasən gömrük bəyannamələri vaxtında təqdim edilməyib.
Raportdan görünür ki, Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən şirkətin ünvanına müvafiq olaraq natamam bəyannamələrlə “Azəri Light” xam neft yükü göndərilib.
Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir.
Amma gömrük bəyannamələri vaxtında təqdim edilməyib.
Buna görə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimə olunub.