BAKI, 11 iyun. TELEQRAF

ABŞ NATO-dakı üzvlüyündən imtina etmək niyyətində deyil, amma Avropadakı müttəfiqlərinin öz təhlükəsizliklərinin təmin edilməsində daha fəal rol oynamasını gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin alyansdakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

“Biz supergücük, amma təyyarədaşıyan gəmilər və canlı qüvvə kimi resurslarımız məhduddur. Buna görə də, Avropanın təkbaşına daha çox iş görməsini istəyirik”, - o deyib.

Uitakerin sözlərinə görə, ABŞ təşkilatı kollektiv təhlükəsizliyin vacib elementi kimi görür və NATO-ya sadiqdir.

Diplomat vurğulayıb ki, ABŞ Avropa dövlətlərindən blok daxilində maliyyə və hərbi yükü daha ədalətli şəkildə bölüşdürmələrini gözləyir. Metyu Uitaker əlavə edib ki, bir çox Avropa ölkəsi artıq müdafiə büdcələrini artırmağa başlasa da, proses davamlı olmalıdır.