BAKI, 11 iyun. TELEQRAF
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 155 kiloqram narkotik vasitə məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 11 iyun tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 155 kq, 140000 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, həmçinin 13 min 367 çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Dövlət Komissiyasının İşçi Qrupunun, Ali Məhkəmənin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Ümumilikdə 1446 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 155 kq, 140000 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə (526 kiloqram heroin, 4 ton 135 kiloqram marixuana, 109 kiloqram tiryək, 164 kiloqram həşiş, 1 kiloqram kokain, 220 kiloqram), 140 min 620 həb və psixotrop maddə (137 min 455 ədəd həb, 3165 ədəd həb psixotrop maddə), eləcə də 13 min 367 çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir.
Məhv edilən narkotik vasitələrin qiyməti 147 milyon manat təşkil edir.