BAKI, 8 iyun. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı iş adamı Roman Abramoviçlə Kiyevdə görüş keçirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski "Sky News"a müsahibəsində danışıb.
"Roman Abramoviç Kiyevə gəlmişdi. O dedi ki, sizə bir mesaj gətirmişəm və sizdən də mesaj alıb onu Vladimir Putinə çatdırmaq istəyirəm", - Ukrayna lideri qeyd edib.
Zelenski həmin görüşün məzmunu və vaxtı barədə əlavə təfərrüatlar açıqlamayıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında rusiyalı bir iş adamının Ukraynaya səfər etdiyini və bunun Kiyevin Moskva ilə görüş keçirmək istəyi ilə bağlı olduğunu demişdi.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə həmin iş adamının adını açıqlaya bilməyəcəyini bildirmişdi.