BAKI, 27 iyul. TELEQRAF
Türkiyə NATO-nun Baltik ölkələrinin hava məkanının mühafizəsi (Baltic Air Policing) missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı və 181-ci eskadrilyanın 76 hərbçisini göndərəcək.
Teleqraf xəbər verir ki, "Hürriyet" qəzetinin məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Özdemir Anadolu agentliyinə bildirib ki, bu missiya NATO-nun şərq cinahının müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, missiya Türkiyənin beynəlxalq çəkindirmə imkanlarının gücləndirilməsinə, müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə və ölkənin strateji potensialının artırılmasına töhfə verəcək.
Məlumata əsasən, avqustdan noyabradək rotasiya qaydasında həyata keçiriləcək missiya çərçivəsində Türkiyə qırıcıları öz döyüş təyyarələri olmayan Latviya, Litva və Estoniyanın hava məkanında patrul xidməti aparacaq.
Xatırladaq ki, "Bloomberg" agentliyi ötən ilin dekabrında NATO-nun Türkiyədən Baltik ölkələrinin hava məkanının mühafizəsi missiyası üçün F-16 qırıcılarını planlaşdırılandan daha tez göndərməsini xahiş etdiyini yazmışdı. Türkiyə Hərbi Hava Qüvvələri daha əvvəl 2021-ci ildə Polşada, 2023–2024-cü illərdə isə Rumıniyada analoji NATO missiyalarında iştirak edib.