BAKI, 28 iyul. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Şimal-Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərində “İrimiqyaslı fəlakətlər zamanı idarəetmənin təşkili və müasir axtarış-xilasetmə üsullarının tətbiqi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd Nazirliyin Şimal-Qərb regionunda yerləşən struktur bölmələrinin əməliyyatların planlaşdırılması və qərargahların idarə olunmasında iştirak edən əməkdaşlarının beynəlxalq humanitar əməliyyatlarda effektiv idarəetmənin və koordinasiyanın təşkilində bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
Təlimə hazırlıq çərçivəsində təşkil olunan məşğələlərdə humanitar əməliyyatlarda iştirakla bağlı məruzələr dinlənilib. Məruzələrdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin yalnız respublika hüdudlarında deyil, beynəlxalq səviyyədə də təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və humanitar əməliyyatlarda operativ iştirak potensialına malik olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Nazirliyin beynəlxalq humanitar əməliyyatlar zamanı əldə etdiyi geniş təcrübədən danışılıb və müvafiq tövsiyələr verilib.
Bundan əlavə, təlim proqramına əsasən, BMT-nin INSARAG (Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu) Katibliyinin təlimatları əsasında idarəetmə, koordinasiya, logistika, tibb və axtarış-xilasetmə üzrə təqdimatlar edilib. Təlim iştirakçılarına “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)” və “INSARAG Koordinasiya və İdarəetmə Sistemi (ICMS)”nin iş prinsipi, habelə humanitar fəaliyyətlərdə mətbuatın əhəmiyyəti haqqında geniş məlumat təqdim olunub. Tədris prosesində dinləyicilərə “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)” ilə “Qəbuletmə–yolasalma Məntəqəsi (RDC)”nin iş mexanizmi üzrə nəzəri biliklər aşılanıb, həmçinin beynəlxalq standartlara cavab verən “Əməliyyatlar bazası”nın (BoO) təşkili, iş istiqamətləri və sənəd dövriyyəsi, o cümlədən humanitar əməliyyatlarda tətbiq edilən müasir axtarış-xilasetmə avadanlıqlarının və peyk əlaqə sistemlərinin texniki potensialı əyani surətdə göstərilib.
Təlimin praktiki mərhələsi şimal-qərb regionunda baş verən “zəlzələ” səbəbindən şərti olaraq yaranmış vəziyyətin fəsadlarının aradan qaldırılması ssenarisinə əsasən reallaşdırılıb. Axtarış-xilasetmə, mühəndislik və radiasiya-kimya sahələrinin ekspertləri tərəfindən pilotsuz uçuş aparatlarının, akustik axtarış cihazların, radioloji və kimyəvi detektorların, o cümlədən termal kameraların tətbiqi diqqət mərkəzində saxlanılıb. Həmçinin təlim zamanı xilasetmə qrupları tərəfindən müasir avadanlıqlardan istifadə edilərək “uçqunlar altından və yüksəkliklərdən xilasetmə və yaralılara ilk yardımın göstərilməsi” kimi tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.
Taktiki-xüsusi təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimin yekununda nəzəri və praktiki mərhələlərin icra prosesi şəxsi heyətin iştirakı ilə ətraflı şəkildə müzakirə edilib.