BAKI, 28 iyul. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiya siyahılarında yer alan bəzi hüquqi şəxslərə dair məlumatların yeniləndiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, sanksiya siyahılarından ümumilikdə 84 fiziki və hüquqi şəxs çıxarılıb. Bundan əlavə, siyahıdakı 22 qeyd üzrə identifikasiya məlumatlarına dəqiqləşdirmələr edilib.

Dəqiqləşdirilən məlumatlar arasında "Zvezdoçka" Gəmi Təmiri Mərkəzi, P.İ. Plandin adına Arzamas Cihazqayırma Zavodu, "Polema" ASC, "Xüsusi Sistemlər. Fotonika" MMC, "Birləşmiş Mühərrikqayırma Korporasiyası", "KORUS Konsaltinq" şirkəti, Rusiya vətəndaşı Vladimir Ustinov və TASCA neft tankeri də yer alır.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, siyahıdan çıxarılanlar arasında İraq və Kolumbiyadan olan fiziki və hüquqi şəxslər də var. Qeyd olunub ki, siyahılardan vəfat etmiş şəxslər, artıq fəaliyyət göstərməyən təşkilatlar və barəsində kifayət qədər məlumat olmayan qurumlar çıxarılıb.

Nazirlik vurğulayıb ki, bu dəyişikliklər ABŞ-ın sanksiya sisteminin müasirləşdirilməsi məqsədi daşıyır və ölkənin xarici siyasəti və milli təhlükəsizlik maraqlarına zərər vurmur.