BAKI, 27 iyul. TELEQRAF

Yəməndəki husilərin Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumundan sonra Bab əl-Məndəb boğazından keçən gəmi sayında kəskin azalma qeydə alınıb.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Kpler şirkətinin gəmiçilik məlumatları bazar ertəsi göstərib ki, bazar günü Bab əl-Məndəb boğazından cəmi 11 yük gəmisi keçib. Bu, son ayların ən aşağı göstəricilərindən biri olub.

Məlumata əsasən, Qırmızı dəniz sahillərində nəqliyyat axını ötən həftədən etibarən Yəməndə fəaliyyət göstərən və Tehrana yaxın hesab olunan husilərin Səudiyyə Ərəbistanının ixracına qarşı blokada tətbiq etmək cəhdləri fonunda pozulub.

Bazar günü boğazdan keçən gəmilərdən yeddisi neft tankerləri olub. Onlardan ikisi Səudiyyə nefti yükləmək üçün Yanbu limanına gedən çox böyük xam neftdaşıyan tankerlər (VLCC), digəri isə Rusiya ilə əlaqəli gəmi olub.

Məlumata görə, Qırmızı dənizi tərk edən dörd gəmi arasında Honq Konq bayrağı altında üzən New Explorer adlı VLCC tankeri də olub. Gəmi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yüklənmiş təxminən 2 milyon barrel xam nefti Çinin Ninbo limanına aparıb.

Bu, Bab əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizi tərk edən üçüncü Çin mənşəli VLCC tankeri olub.

Husilərin hərbi sözçüsü Yəhya Səri şənbə günü qrupun Səudiyyə dövlət neft şirkəti Saudi Aramco-nun Cizan və Yanbu şəhərlərində yerləşən obyektlərinə zərbə endirdiyini açıqlayıb.

Eyni zamanda, ABŞ və İran arasında zərbələrin dayandırılmasına baxmayaraq, Hörmüz boğazında da gəmiçilik aktivliyi aşağı səviyyədə qalıb. Kpler məlumatlarına görə, həftəsonu ərzində boğazdan gündəlik 10-dan az yük gəmisi keçib.