BAKI, 28 iyul. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa İranın nüvə və raket proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "New York Post" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu ABŞ lideri ilə görüşdə Natanz nüvə obyektinin yaxınlığında yerləşən Kolanq Qaz La dağı barədə İsrail kəşfiyyatının topladığı məlumatları da bölüşəcək.
Nəşrin yazdığına görə, təqdim olunacaq materiallar İranın nüvə və raket proqramları ilə bağlı İsrail kəşfiyyatının əldə etdiyi məlumatları əhatə edir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Donald Trampın İranın guya yeni nüvə obyekti yaratdığı barədə iddialarını əsassız adlandırıb. O bildirib ki, Kolanq Qaz La dağında heç bir nüvə fəaliyyəti həyata keçirilmir və Vaşinqtonun bu əraziyə xüsusi diqqət ayırması aqressiya, dağıntılar və təxribatlar üçün uydurulmuş bəhanədən başqa bir şey deyil.