BAKI, 28 iyul. TELEQRAF

“Ukraynanın ciddi şəkildə ABŞ-İran münaqişəsinə daxil olması ilə Üçüncü Dünya müharibəsinin başlaması heç də istisna deyil. Artıq yeni dünya müharibəsinin bütün əlamətləri artıq müşahidə olunur”.

Teleqraf xəbər verir ki, bu barədə İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzeti yazıb.

“Münaqişədə iştirak edən ölkələrin tərkibinə baxın: Rusiya, Ukrayna, NATO-nun 32 üzvü, İsrail, ərəb ölkələri, İran və onun müttəfiqləri. İran Xarici İşlər Nazirliyi də Ukraynanın Xəzər dənizində gəmilərə hücumlarını Birinci Dünya müharibəsinin başlanğıcından əvvəlki təxribatlara bənzədib

Belə şəraitdə böhranın danışıqlar yolu ilə həllindən danışmaq, xüsusilə də Donald Tramp kimi psixoloji problemləri olan narsist bir şəxslə danışıqlara ümid etmək, nikbinlik yox, tam sadəlövhlükdür. Məqsədini açıq şəkildə bəyan edən, İranı devirmək, zəiflətmək və parçalamaq istədiyini söyləyən bir düşmənlə danışıqlar yolu ilə nəticə əldə etmək mümkündürmü?”, - nəşr bildirib.

“Keyhan” əlavə edib ki, hazırkı məqamda ABŞ ilə müzakirələrdən danışmaq mümkün deyil:

“Bunu əvvəllər də demişik, yenə təkrar edirik: müharibə başlamazdan əvvəl onun alovlanmaması üçün bütün imkanlarla çalışmaq lazımdır. Ancaq müharibə zorla qəbul etdirilərsə, eyni qətiyyət və bütün imkanlarla meydana çıxmaq, düşməni yerində oturtmaq vacibdir. Belə bir düşməni isə danışıqlar yolu ilə dayandırmaq mümkün deyil”.