BAKI, 28 iyul. TELEQRAF
İran ABŞ-nin beş ay davam edən zərbələrindən sonra raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxlaya və yeni şəraitə uyğunlaşa bilib.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” ekspertlərə istinadla məlumat yayıb.
Analitiklərin sözlərinə görə, iranlı mühəndislər bombardmanlardan sonra yeraltı hərbi bazaları qısa müddətdə bərpa etməyə nail olublar. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Cim Lemson bildirib ki, İordaniyada ABŞ hərbi kazarmalarına endirilən və hərbçilərin həlak olması ilə nəticələnən son zərbələr İranın Amerika və ərəb ölkələrinin raketdən müdafiə sistemlərini keçmək qabiliyyətini nümayiş etdirir:
“İran ortamənzilli ballistik raketlərinin raketdən müdafiə sistemlərini dəfetmə qabiliyyətini və hədəfi vurma dəqiqliyini artırmağa nail olub. İran əvvəlki münaqişələrin təcrübəsinə əsaslanaraq həm texniki, həm də taktiki düzəlişlər edir”.
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Fərzin Nədiminin fikrincə, ballistik raketlərin uçuşunun son mərhələsində onlardan müdafiə olunmaq getdikcə çətinləşir. Ekspert hesab edir ki, bunun üçün ABŞ-yə İsrailin dəstəyi lazım ola bilər.
Nəşr xatırladıb ki, cari ilin fevral ayının sonunda ABŞ İsraillə birlikdə İrana zərbələr endirdikdən sonra ABŞ müharibə naziri Pit Heqset əməliyyatın məqsədlərindən birinin İranın hücum raketlərini və onların istehsal vasitələrini məhv etmək olduğunu bildirmişdi. Amma FT yazıb ki, ABŞ-nin yüzlərlə hava zərbələrindən beş ay sonra İran raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxlayıb və regiondakı hədəflərə, o cümlədən İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdə yüksək dəqiqlikli zərbələr endirməyə davam edir.