BAKI, 28 iyul. TELEQRAF
ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi Tehrana mümkün genişmiqyaslı hərbi əməliyyatdan daha böyük zərər vura bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” ABŞ Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadla məlumat yayıb.
ABŞ kəşfiyyatının məlumatlarına və açıq mənbələrdən əldə olunan informasiyalara əsasən, İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir. Xüsusilə, ölkənin dünyanın ən böyük neft istehsalçılarından biri olmasına baxmayaraq, benzinin qıtlığı müşahidə olunur.
Ağ Ev nümayəndəsi bildirib: “İranlılar bombardmanların dayandırılmasını istəyirlər, onlara pul lazımdır. Amma burada işlər demək olar, tərsinədir. İlk növbədə onlara həqiqətən pul lazımdır”.
Digər ABŞ rəsmisi etiraf edib ki, sanksiyalar və dəniz blokadasının Tehranı danışıqlar masasına gətirməsi genişmiqyaslı hərbi əməliyyatla müqayisədə daha çox vaxt tələb edəcək: “Prezidentin uduzmayan variantı var. ABŞ zərurət yaranacağı təqdirdə bütün hərbi gücünü işə sala, İranı iflic edəcək iqtisadi sanksiyalar tətbiq edə bilər”.
Bununla belə, mənbənin sözlərinə görə, münaqişənin uzanması yanacağın qiymətlərinin artması və seçicilərin narazılığının güclənməsi səbəbindən Respublikaçılar Partiyası üçün siyasi riskləri artıra bilər.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, İranla danışıqlar uğursuz olacağı təqdirdə, Amerika qətiyyətli hərbi addımlara qayıtmağa hazır olacaq.