BAKI, 28 iyul. TELEQRAF
İsrail və Livan nümayəndə heyətlərinin növbəti məsləhətləşmələri avqustun 4-6-da İtaliyanın paytaxtı Romada baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, danışıqlarda İsrail, Livan və ABŞ nümayəndələri İsrail ordusunun Livanın cənubundakı mövqelərdən mərhələli şəkildə çıxarılması prosesinin genişləndirilməsini, eləcə də iki ölkə arasında quru sərhədləri ilə bağlı mübahisələri müzakirə edəcəklər.
ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Romadakı texniki məsləhətləşmələrin əsas məqsədi tərəflər arasında imzalanmış çərçivə sazişinin tam icrasına dəstək verməkdir. Buraya İsrail qoşunlarının çıxarılacağı "pilot zonalar"ın genişləndirilməsi, sərhəd mübahisələrinin həlli və sülh və təhlükəsizliklə bağlı hərtərəfli razılaşmanın hazırlanması daxildir.
Xatırladaq ki, Livan və İsrail iyunun 26-da Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqların yekununda çərçivə sazişi imzalayıblar. İyulun 15-də Romada keçirilən növbəti görüşdə ilk "pilot zona"nın yaradılması barədə razılıq əldə olunub, iyulun 20-də isə ABŞ Dövlət Departamenti Livanda İsrail qoşunlarının çıxarılması nəzərdə tutulan üç "pilot zona"nın fəaliyyətə başladığını açıqlayıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aunla Ağ evdə keçirdiyi görüşdə Vaşinqtonun İsrail qoşunlarının Livan ərazisindən çıxarılması üçün Təl-Əvivə təzyiq göstərilməsi imkanını nəzərdən keçirəcəyini bildirmişdi.