BAKI, 17 aprel. TELEQRAF

"Türkiyə dialoq və diplomatiyanı dəstəkləyir, çünki müharibələr heç kimə xeyir gətirmir".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, ölkələr arasında iş birliyi sülh və sabitlik yaradır: "Məsələlər müharibə ilə deyil, danışıqlar yolu ilə həll edilməlidir".

C.Yılmaz qeyd edib ki, çətin zamanlarda liderlik amili daha böyük önəm kəsb edir: "Prezident Rəcəb Tayyib Ərdoğanın daha ədalətli dünya çağırışı hamımız üçün çox aydın bir hədəfdir. Biz eyni zamanda iki məqsədi izləməliyik, bir tərəfdən yeni və daha ədalətli qlobal dünya düzəni üçün birlikdə çalışmalı, digər tərəfdən isə realist olub regional və ikitərəfli əməkdaşlıq vasitəsilə çətinliklərin öhdəsindən gəlməliyik".

Türkiyə rəsmisi vurğulayıb ki, müharibə yalnız qeyri-sabitlik, insani, ekoloji və maliyyə itkiləri gətirir: "Diplomatiya və ölkələr arasındakı işbirliyi isə bizə daha çox təhlükəsizlik vəd edir. Türkiyə olaraq bütün tərəflərlə dialoqu davam etdirməkdə, Afrika, Asiya və Cənubi Amerika ölkələri ilə əlaqələri gücləndirməkdə qərarlıyıq. Problemləri bir-birimizi yox edərək deyil, qarşılıqlı qazanc prinsipləri əsasında həll etməliyik".

Vitse-prezident ADF-nin dünyanın gələcəyi üçün mühüm bir ümid platforması olduğunu və bu yöndə irəliləməyə davam edəcəklərini əlavə edib.