BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ötən həftə ölkə üzrə hava nəqliyyatında genişmiqyaslı fasiləyə səbəb olan texniki avadanlığın bir hissəsini ekspertiza üçün götürüb.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, müstəntiqlər nasazlığın baş verdiyi şəraiti yenidən yaratmaq və hadisənin səbəblərini müəyyənləşdirmək niyyətindədirlər.

CNN-in jurnalisti Evan Peres bildirib ki, marşrutlaşdırıcılardan birində yaranan nasazlıq sistemə həddindən artıq çox siqnal göndərilməsinə və onun yüklənməsinə səbəb olub.

“Əslində, Federal Aviasiya Administrasiyası öz sisteminə qarşı DDoS hücumuna bənzər vəziyyət yaradıb. İndi FTB avadanlığı götürərək hadisəni təkrar canlandırmağa çalışır”, – jurnalist qeyd edib.

Araşdırma zamanı avadanlığın dəyişdirilməsi üçün niyə məhz sərnişin axınının intensiv olduğu cümə gününün seçildiyi də yoxlanılır.

Xatırladaq ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) rabitə sistemindəki nasazlıq səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə dayandırıb. Bu, son 25 ildə ABŞ-də aviareyslərin ən uzunmüddətli ümummilli dayandırılması olub.

Noyabrın 13-14-də 10 mindən çox aviareys ləğv edilib.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi hadisəni hava hərəkətinin idarə edilməsində istifadə olunan köhnəlmiş sistemin həddindən artıq yüklənməsi ilə əlaqələndirib.