BAKI, 17 noyabr. TELEQRAF

Liviyanın Milli Birlik Hökuməti parlament rəhbərliyini ölkədə keçid dövrünü uzatmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əbdülhəmid Dibeybənin rəhbərlik etdiyi hökumətin bəyanatında bildirilib.

Hökumət Nümayəndələr Palatasının iclaslarını Benqazi şəhərindən kənarda keçirmək cəhdlərinin siyasi keçid prosesini ləngitdiyini açıqlayıb.

“Keçid institutlarının təsir imkanlarının genişləndirilməsi bu dövrün başa çatmasına deyil, əksinə, seçkilərin keçirilməsinin və hakimiyyətin seçilmiş qurumlara ötürülməsinin gecikməsinə xidmət edir”, – bəyanatda qeyd olunub.

Bundan əvvəl parlament Dibeybəni ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində iclasın keçirilməsinə mane olmaqda ittiham edib. Deputatların iddiasına görə, baş nazir onların daşınması üçün nəzərdə tutulan təyyarələrə uçuş icazələrinin verilməməsi barədə göstəriş verib.

Parlament rəhbərliyi isə müxtəlif bölgələrdə iclasların keçirilməsinin ölkənin birliyini gücləndirmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada siyasi parçalanma davam edir. Hazırda ölkədə bir-birini tanımayan iki hökumət fəaliyyət göstərir. Tripolidə BMT-nin dəstəklədiyi Əbdülhəmid Dibeybə hökuməti, ölkənin şərqində isə parlamentin təyin etdiyi Üsamə Həmmad hökuməti hakimiyyətdədir.

2021-ci ildə keçirilməsi nəzərdə tutulan ümumi seçkilər indiyədək baş tutmayıb.