BAKI, 17 noyabr. TELEQRAF

"Növbəti il ərzində nazirlik tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcək".

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində mənzillərin alınması üçün 40 milyon manat, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur.