BAKI, 17 noyabr. TELEQRAF
İtaliyanın müxalif “Beş Ulduz Hərəkatı”nı təmsil edən Avropa Parlamenti deputatları Ukraynanın “Mirotvorets” saytının bağlanmasına çağırıblar.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın Avropa Parlamentindəki nümayəndələrinin bəyanatında bildirilib.
Deputatlar həmkarları Danilo Della Vallenin adının saytın məlumat bazasına daxil edilməsinə etiraz edərək ona dəstəklərini ifadə ediblər.
“Avropa Parlamentinin sədri Roberta Metsolanı bu təhdidlərə ciddi yanaşmağa və yalnız nifrət və dezinformasiya yayan saytın bağlanması üçün müvafiq qurumlar vasitəsilə tədbirlər görməyə çağırırıq. Vətəndaşların nümayəndəsini fikir və baxışlarına görə təqib etmək qəbuledilməzdir”, – bəyanatda qeyd olunub.
Della Valle Ukraynaya silah tədarükünə və Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətinə qarşı çıxışları ilə tanınır.
Qeyd edək ki, 2014-cü ildə yaradılan “Mirotvorets” saytı Ukraynanın milli təhlükəsizliyinə təhdid hesab edilən şəxslərin məlumatlarını dərc edir. Saytın bazasına müxtəlif illərdə jurnalistlər, siyasətçilər və incəsənət xadimləri də daxil edilib.