BAKI, 17 noyabr. TELEQRAF

Almaniyanın paytaxtı Berlində İkinci Dünya müharibəsi dövrünə aid 618 kvadratmetr sahəsi olan bunker hərraca çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Şarlottenburq rayonunda yerləşən bunkerin ilkin satış qiyməti 398 min avro müəyyən edilib. Hərrac dekabrın 17-də “Deutsche Grundstücksauktionen” (DGA) hərrac evi tərəfindən keçiriləcək.

Məlumata görə, bunker 1906-cı ildə inşa edilmiş yaşayış binasının ikinci yeraltı mərtəbəsində yerləşir. Zirzəminin sığınacağa çevrilməsinə 1936-cı ildə başlanılıb. Müharibə illərində burada 250 nəfərədək insan gizlənə bilib. Döyüşlərin son mərhələsində isə bunkerin hərbi hospital kimi istifadə edildiyi ehtimal olunur.

Ümumilikdə 18 ayrı otaqdan ibarət bunkerin ən böyük bölməsinin sahəsi 183 kvadratmetrdir. Obyektdə istilik, su təchizatı, müasir havalandırma və digər zəruri sistemlər mövcud deyil.

Yeni sahib obyektin saxlanılması üçün hər ay əlavə 743 avro ödəməli olacaq.

Qeyd edək ki, Berlində mülki müdafiə sisteminə daxil olan cəmi dörd bunker mövcuddur. Onların ümumi tutumu 4080 nəfər olsa da, hazırda heç biri istifadəyə yararlı vəziyyətdə deyil.